ƏSGƏROVA SALATIN ƏZİZ qızı 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi başa vurmuşdur. Salatın həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Lakin Salatın jurnalist kimi fəaliyyət göstərir. 1991-ci il…Yanvarın 9-u…O, Laçından Şuşaya gəlirdi yolun 6-cı kilometrliyində Qaladərəsi kəndi yaxınlığında ermənilər maşını yaxın məsafədən atəşə tuturlar. Tanınmış jurnalist, ”Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova vəhşicəsinə qətlə yetirilir.
Ailəli idi. Bir oğlu yadigar qalıb.Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı “ adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. ”Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.